“Həyat Fondu” haqqında

“Həyat Fondu”nun təsis edilməsində əsas məqsəd tarixən Azərbaycanda mövcud olan xeyriyyəçilik ənənələrinə yeni nəfəs vermək, yardıma ehtiyacı olan insanlara daha sürətli və təcili şəkildə kömək imkanları yaratmaqdır.


Fondun təsis edilməsinin əsas təşəbbüskarı İslam Oyunlarının səfiri, jurnalist Nuran Hüseynovdur. Bildiyiniz kimi o, uzun illərdir bu sahədə fəaliyyət göstərir, köməyə ehtiyacı olan insanlarla xeyirxah şəxslər arasında əlaqələr yaratmaqda yardımçı olur. Həmçinin Nuran Hüseynov xeyriyyə məqsədli televiziya verilişlərinin əsasını qoyan şəxslərdən biridir. Onun müəllifi və aparıcısı olduğu "Xeyir körpüsü" verilişi hələ də yaddaşlardadır.
Fəaliyyəti dövründə Nuran Hüseynov özü də ağır xəstəliyə tutulur. Lakin həyatın bu çətin sınağından xeyirxah insanların və qurumların dəstəyi ilə xilas olur. Bundan sonra xeyriyyəçilik fəaliyyətini davam etdirmək arzusu onda daha da güclənir.
Və beləliklə, xeyirxah insanların və qurumların dəstəklərini ehtiyacı olan insanlara daha tez çatdırmaq arzusu Fondun yaranmasına səbəb oldu.


Fonddan yardım almaq və yardım etmək üçün müraciət edənlər məkandan və imkanlardan asılı olaraq bunu müxtəlif innovativ vasitələrlə edə bilərlər.
Bundan əlavə, “Həyat” adlı televiziya verilişi fondun təsisçisi Nuran Hüseynovun təqdimatında ATV kanalında yayımlanacaq. Köməyə ehtiyacı olan insanların problemlərini ictimailəşdirərək Fondun dəstəyi ilə həyata keçirilmiş işləri ictimiyyətə çatdıracaq. Fond, tam şəffaf və ictimaiyyətə açıq şəkildə fəaliyyət göstərəcək.